REGİONLAR
Xaçmaz-Xudat və Xudat-Nabran avtomobil yolları təmir edilir VİDEO
Bakı, 4 iyun, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişini təmin etməklə bölgələrdə turizmin və kənd təsərrüfatının inkişafını sürətləndirmək məqsədilə uzunluğu 24 kilometr olan Xaçmaz-Xudat və 21 kilometr uzunluğundakı Xudat-Nabran avtomobil yollarının təmir-bərpası işləri aparılır. Hər iki avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla hərəkət hissələrinin eni 7 metr təşkil edir.
“Azəravtoyol” ASC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, Xaçmaz-Xudat avtomobil yolunda ağır tonnajlı maşınların intensiv hərəkəti nəticəsində qabarmış və dağılmış asfalt-beton örtüyü frezlənərək ərazidən daşınır. Bunun əvəzinə hamarlayıcı və aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə 150 min kvadratmetrdən çox ərazinin asfaltlanması nəzərdə tutulur.
Yolun 1,3 kilometrlik hissəsində torpaq yatağının və yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirilir. Həmçinin çiyinlər bərkidilir, zəruri olan yerlərdə yeni su boruları qoyulacaq, mövcud boruların giriş-çıxışları təmizlənəcək.
Xudat-Nabran avtomobil yolunda da intensiv hərəkət nəticəsində dağılmış və qabarmış hissələr bərpa olunur. Hazırda yol boyu torpaq yatağı və yol əsası kipləşdirilir. Daha sonra həmin hissələrin asfaltlanması işləri həyata keçiriləcək.
Hər iki yolda işlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda qüvvə cəlb edilib.