REGİONLAR
Xaçmaz "Elektron kənd təsərrüfatı” sisteminin yaradılması üçün pilot rayon seçilib VİDEO
Xaçmaz, 7 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Sentyabrın 7-də Xaçmaz şəhərində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə "Elektron kənd təsərrüfatı” sisteminin yaradılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlarının icrasına yönələn tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Tarix Diyarşünaslıq Muzeyinin konfrans zalında keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, fermerlər və torpaq mülkiyyətçiləri iştirak ediblər.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov çıxış edərək "Elektron kənd təsərrüfatı” sisteminin yaradılması ilə bağlı görülən işlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il 16 aprel tarixli Fərmanı bu sistemin qurulması üçün zəmin yaradıb. "Elektron kənd təsərrüfatı” sistemi beynəlxalq təcrübəyə əsaslanmaqla, aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək məqsədilə yaradılır.
Seyfəddin Talıbov diqqətə çatdırıb ki, Kənd Təsərrüfatı Nazirliyi italyan şirkəti ilə birgə hazırlanan proqram təminatının ayrı-ayrı komponentlərinin yerlərdə icrasına başlayır. Layihənin ilkin icrası üçün Azərbaycanın ən böyük kənd təsərrüfatı rayonlarından olan Xaçmaz pilot rayon kimi seçilib. Proqram təminatının tələblərinə uyğun olaraq məlumat bazasının formalaşdırılması üçün tezliklə rayonda konkret işlərə başlanılacaq. Nazirliyinin məsul əməkdaşları qeydiyyat işlərini aparan şirkətin nümayəndələri ilə birlikdə Xaçmaz rayonundakı bütün torpaq sahələrinin fərdi identifikasiyasını həyata keçirərəcək. Son nəticə olaraq elektron xəritə hazırlanaraq ümumi sistemə daxil ediləcək.
Qeyd edilib ki, İtaliya şirkətinin təqdim etdiyi proqram təminatının zəruri məlumat bazası ilkin olaraq Xaçmazda formalaşdırılacaq və həmin sistemin pilot layihə kimi ilkin emalı həyata keçiriləcək. Mövcud problem və çatışmazlıqlar birlikdə aradan qaldırıldıqdan sonra sistemin bütövlükdə respublika üzrə formalaşdırılmasının icrasına başlanılacaq.
Tədbirdə bildirilib ki, bu sistem bütün inkişaf etmiş ölkələrdə uzun müddətdir tətbiq olunur. "Elektron kənd təsərrüfatı” sistemi bütövlükdə tətbiq edildikdən sonra Azərbaycanda torpaq üzrə bütün potensialın elektron formada müəyyən edilməsi mümkün olacaq. Bununla da mövcud torpaqlardan səmərəli və mütəşəkkil qaydada istifadənin çevik idarə edilməsinə imkan yaranacaq.
"Elektron kənd təsərrüfatı” sistemi formalaşdıqdan sonra fermerlərin təqdim edəcəkləri sənədlərin verilməsi daha asan və şəffaf formada həyata keçiriləcək. Bundan başqa, subsidiyaların daha sürətli və adekvat formada əldə edilməsinə də şərait yaranacaq. Yeni sistemin qurulması şəffaflığı təmin etməklə yanaşı, peyk fotoşəkillərindən və ortofoto təsvirlərindən istifadə etməklə məhsuldarlıq, eləcə də onun artırılması ilə bağlı operativ addımlar atmağa imkan yaradacaq.
Tədbirdə Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək "Elektron kənd təsərrüfatı” sisteminin yaradılmasının vacibliyindən söz açıb.
Daha sonra müvafiq icra orqanlarına, əlaqədar təşkilatlara yeni sisteminin yaradılması ilə bağlı qarşıya çıxan məsələlərin operativ həlli istiqamətində tapşırıq və tövsiyələr verilib, iştirakçıları maraqlandıran suallar cavablandırlıb.