CƏMİYYƏT
Xaçmaz gənclərinə fermerlik fəaliyyətinə başlamağın hüquqi qaydaları öyrədilib
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyinin həyata keçirdiyi “Gənclərin kənd təsərrüfatının inkişafına maraqlarının artırılması” layihəsi çərçivəsində növbəti təlimlər Xaçmaz rayonunda təşkil edilib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, təlimlərdə müxtəlif sahələrdə çalışan və təhsil alan rayon gəncləri iştirak ediblər. Təlimlərdə gənclərə kənd təsərrüfatı sahəsində biznes fəaliyyətinə başlamağın hüquqi əsasları və qaydaları öyrədilib, biznes planların tərtibi, bələdiyyələrlə və banklarla əlaqə, mühasibat uçotu mövzularında biliklər verilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Layihə çərçivəsində ilk təlimlər Bakıda keçirilib. Sonuncu təlimlər isə İsmayıllı rayonunda təşkil olunacaq.