REGİONLAR
Xaçmaz kənd seçki dairəsinin məntəqələri seçkilərə tam hazırdır VİDEO
Xaçmaz, 27 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Milli Məclisə keçiriləcək seçkilərə cəmi 4 gün qalır. Bununla əlaqədar 56 saylı Xaçmaz kənd seçki dairəsində hazırlıq işləri artıq yekunlaşıb. Seçki dairəsini əhatə edən 43 məntəqənin hər biri seçkilərə tam hazır vəziyyətə gətirilib.
AZƏRTAC xəbər verir ki, dairənin tərkibindəki 4 saylı məntəqədə də noyabrın 1-də keçiriləcək seçkilərə hazırlıq işləri başa çatıb. Xudat şəhər 4 nömrəli məktəb liseyin binasında yerləşən məntəqədə 1421 seçici qeydiyyatdadır. Onların arasında 22 nəfər ilk dəfə səs verəcək gənclərdir.
Məntəqə seçki komissiyasının sədri Hacı Hacızadə AZƏRTAC-a bildirib ki, seçicilərin öz seçimlərini sərbəst şəkildə etmələri üçün 6 kabinə quraşdırılıb. Məntəqə bütün zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi və rabitə şəbəkəsi ilə təmin olunub. Artıq bütün seçicilərə bildiriş vərəqələri paylanılıb. Bununla yanaşı, məntəqədə dəqiqləşdirilmiş seçici siyahıları asılıb və hər kəs öz adını siyahıda yoxlaya bilər.
Seçki günü səsvermə prosesini onlayn izləmək üçün məntəqədə veb-kamera da quraşdırılıb.
Qeyd edək ki, 56 saylı Xaçmaz kənd seçki dairəsinə daxil olan 43 seçki məntəqəsində 45 min 154 seçici qeydiyyatdadır.