REGİONLAR
Xaçmaz rayon gənclərinin birinciintellektual bilik yarışı keçirilib
Bakı, 2 mart, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi Xaçmaz rayonunda 150-dən çox gəncin iştirakı ilə I intellektual bilik yarışı keçirib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, yarışın məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onlara milli, mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.
Zərifə Əliyeva adına Liseydə təşkil olunan mərasimdə çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə ölkədə aparılan gənclər siyasətinin hədəflərini, bu siyasətin həyata keçirilməsinə gənclər təşkilatlarının və gənclərin fəal şəkildə qoşulduğunu, onların hərtərəfli inkişafları üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırıb. Bildirilib ki, istedadlı gənclərin üzə çıxarılması və onların dəstəklənməsi dövlətin gənclər siyasətinin əsas tərkib hissəsidir.
Çıxış edənlər yarışın əhəmiyyətini qeyd edib, gənclərimizin yüksək intellektə və biliyə sahib olduğunu diqqətə çatdırıblar.
Sonra komandaların iştirakı ilə yarış başlayıb. Qaliblər mərkəz tərəfindən mükafatlandırılıb, rayonda fəaliyyət göstərən “Xəmsə” dil kurslarına güzəşt əldə ediblər.