REGİONLAR
Xaçmaz rayon sakinləri pulsuz kütləvi tibbi müayinədən keçirilirlər VİDEO
Xaçmaz, 16 fevral, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq həyata keçirilən əhalinin tibbi dispanserizasiyası çərçivəsində Xaçmaz rayonunda fevralın 15-dən etibarən sakinlərin pulsuz kütləvi tibbi müayinəsinə başlanılıb.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səyyaf Tağıyev AZƏRTAC-a müsahibəsində bildirib ki, mayın 15-dək davam edəcək tibbi müayinələrə rayonun bütün sakinlərinin cəlb olunması nəzərdə tutulur.
Səyyaf Tağıyev qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən ölkə vətəndaşlarının tibbi müayinəyə cəlb edilməsi xəstəliklərin erkən aşkarlanmasına və vaxtında müalicəsinə, əhalinin sağlamlığının, xalqımızın genefondunun qorunmasına yönəlib. Xəstəxana bütün lazımi tibbi avadanlıqlarla təmin olunub və rayonun səhiyyə işçiləri aksiyada fəal iştirak edirlər. Hazırda kampaniya müvəffəqiyyətlə davam edir. Xəstəliklərdən şikayət edən vətəndaşlar kardioqram, ultrasəs, rentgen və laborator müayinələrdən keçirilirlər. Müayinə olunan vətəndaşlar ehtiyac yarandıqda müalicə üçün Bakı şəhərinin müxtəlif ixtisaslaşdırılmış tibb müəssisələrinə göndəriləcək.
Baş həkim bildirib ki, ötən il həyata keçirilən dispanserizasiya proqramı çərçivəsində Xaçmaz rayon əhalisinin 145 min nəfəri tibbi müayinələrə cəlb olunub. Həmin vətəndaşlardan 5 min 484 nəfəri ambulator, 847 nəfəri stasionar qaydada müalicə edilib. 266 nəfər isə müayinə müalicə üçün Bakı şəhərinə göndərilib.