REGİONLAR
Xaçmaz rayonunda 5 yaşlı uşaqlardan ibarət 89 sinif təşkil edilib
Xaçmaz, 9 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Prezident İlham Əliyevin milli təhsilimizin inkişafı ilə əlaqədar qarşıya qoyduğu vəzifələrə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən müxtəlif proqram və layihələr həyata keçirilir. “Uşaqların məktəbəhazırlığının təşkili haqqında” Azərbaycan Respublikası Nazırlər Kabinetinin qərarına uyğun olaraq Xaçmaz Təhsil Şöbəsi tərəfindən məktəbəhazırlıq təhsilinə cəlb olunacaq 5 yaşlı uşaqlar haqqında məlumatlar toplanıb, müvafiq siyahılar hazırlanıb. Yeni tədris ilində rayonun təhsil müəssisələrində 89 sinifdə 5 yaşlı uşaqlar təhsil alacaqlar.
AZƏRTAC xəbər verir ki, bu barədə Xaçmaz rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransında məlumat verilib.
Tədbir iştirakçıları konfransdan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Daha sonra ümumtəhsil məktəblərinin istedadlı şagirdlərin əl işlərinin nümayiş etdirildiyi sərgiyə baxış keçirilib.
Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən konfransda Xaçmaz Rayon İcra Hakimiyyətinin, Təhsil Nazirliyinin nümayəndələri, məktəb direktorları, təhsil işçiləri, yüksək bal toplayan məzunlar və rayon ziyalıları iştirak ediblər.
Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova məruzəsində rayonda təhsil sahəsində görülən işlər haqqında danışıb. Bildirilib ki, son illər rayonda 43 yeni məktəb binası tikilib, bəzi məktəblərdə isə cari və əsaslı təmir işləri görülərək şagirdlərin istifadəsinə verilib. Qarşıdakı dərs ilində Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbin 360 yerlik yeni binası da qapılarını şagirdlərin üzünə açacaq. Yeni məktəbdə müasir istilik sistemi quraşdırılıb, fənn kabinetləri, laboratoriyalar, kompyuter otağı və idman zalı müasir avadanlıqlarla təchiz olunub. Görülmüş işlərlə yanaşı, bu gün rayonda 30-a yaxın məktəb üçün yeni binaların tikilməsinə ehtiyac var.
Konfrans iştirakçılarının nəzərinə çatdırılıb ki, ötən tədris ilində buraxılış imtahanlarında iştirak edən 1566 məzundan 656 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak edib. Həmin məzunların 335 nəfəri respublikamızın ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul imtahanlarında 44 nəfər 500-dən, 9 nəfər isə 600-dan yuxarı bal toplamağı bacarıb. Rayon üzrə ən yüksək göstəriciyə Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 saylı məktəbin məzunu Rəfiqə Əliyeva nail olub. Qəbul imtahanlarında 657 bal toplayan R.Əliyeva Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almaq hüququ qazanıb.
Təhsil Nazirliyinin nümayəndəsi Sübhi Kazımov çıxış edərək "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın istiqamətləri üzrə görülən işlərdən, ümumtəhsil müəssisələrində təmayülləşmə və digər aktual məsələlərdən söz açıb.
Daha sonra 2016/2017-ci dərs ilində qarşıda duran məsələlər müzakirə olunub.
Konfransın sonunda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar, fərqlənən müəllim və məktəb direktorları fəxri fərman və müxtəlif hədiyyələrlə təltif ediliblər.