REGİONLAR
Xaçmaz rayonunun Aşağı Zeyid kəndinə ilk dəfə “mavi yanacaq” verilib VİDEO
Xaçmaz, 6 iyul, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən rayonun Aşağı Zeyid kəndinin qazlaşdırılması başa çatdırılaraq 199 abonentə ilk dəfə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, iyulun 6-da Aşağı Zeyid kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
Mərasimdə bildirilib ki, Aşağı Zeyid kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 12 min 143 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, kənddəki 199 abonent üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Bununla da rayonda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 63-ə çatıb.
Qeyd olunub ki, bu ilin sonuna kimi rayonun daha 9 yaşayış məntəqəsi təbii qazla təmin ediləcək. Hazırda Alıc, Çılğır, Qalağan, Hacılar, Gəncəli, Manafoba, Qaraçı, Qədimalı Qışlaq, Hacıqurbanoba kəndlərinin qazlaşdırılması işləri həyata keçirilir.
“Azəriqaz” İB-nin nümayəndəsi məlumat verib ki, Xaçmazla yanaşı Quba, Qusar və Şabran rayonlarında da qazlaşdırma işləri sürətlə həyata keçirilir. Bu ilin sonunadək şimal bölgəsinin bu dörd rayonunda 60-dan çox yaşayış məntəqəsinin qazlaşdırılması işləri yekunlaşacaq.
Sonda qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib.