REGİONLAR
Xaçmaz sakinlərinin şəxsiyyət vəsiqələri ilə təmin olunması üçün səyyar xidmət göstərilir VİDEO
Xaçmaz, 15 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Xaçmaz Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin əməkdaşları sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsindən öncə vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması məqsədilə rayon mərkəzindən uzaqda yerləşən yaşayış məntəqələrində səyyar xidmət göstərir.
AZƏRTAC xəbər verir ki, növbəti səyyar xidmət Nabran inzibati ərazi dairəsinə daxil olan 8 kəndin sakinləri üçün təşkil olunub. Yaşayış məntəqələrində yaşı 18-ə çatan, seçki hüququ olan vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması, eləcə də etibarlılıq müddəti bitən vəsiqələrin yeniləri ilə dəyişdirilməsi üçün müvafiq sənədlər qəbul edilib.
Xaçmaz Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin əməkdaşı Zeynal Kərimli AZƏRTAC-a bildirib ki, keçirilən səyyar xidmət zamanı Nabran inzibati ərazi dairəsi üzrə 62 vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin olunması üçün müraciət edib. Həmin sakinlər qısa müddətdə şəxsiyyət vəsiqələri ilə təmin olunacaqlar.
Qarşıdakı günlərdə rayonun Yalama, Ləcət, Hacıəlibəy və Hülövlü inzibati ərazi dairələri üzrə də səyyar xidmət göstəriləcək.