REGİONLAR


Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya layihəsi üzrə işlərin əksəriyyəti tamamlanıb

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yerinə yetirilib.

“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-cu ilədək perspektiv inkişaf nəzərə alınmaqla Xaçmaz şəhərində 47 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində rayonun Qobuqırağı, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində 10 min nəfərin içməli su təchizatı yaxşılaşdırılmaqla ümumilikdə layihədən 58 min nəfər faydalanacaq.

Mərhələli şəkildə həyata keçirilən layihənin icrasına 2012-ci ilin aprel ayında başlanılıb. Birinci mərhələdə su mənbəyi - Uçqun bulağı bərpa olunub və məhsuldarlığı saniyədə 230 litrə çatdırılıb. Su mənbəyindən anbarlaradək 400 millimetr diametrli borularla 2 kilometr uzunluğunda magistral su xətti çəkilib. Şəhərin dayanıqlı su təchizatını təmin etmək üçün ümumi tutumu 10 min kubmetr olan 4 ədəd (2 ədəd 3000 kubmetrlik, 2 ədəd 2000 kubmetrlik) su anbarı, 1,6 kilometr uzunluğunda anbarlararası su xətti inşa edilib.

Layihənin ikinci mərhələsində Xaçmaz şəhərində su və kanalizasiya şəbəkələrinin yaradılmasına başlanılıb. Şəhər üzrə layihələndirilmiş 142,6 kilometr içməli su şəbəkəsinin 76 kilometrlik hissəsi inşa edilib, 2980 ünvana birləşmə verilib. Hazırda su şəbəkəsi ilə paralel olaraq şəhərdə kanalizasiya infrastrukturu da yaradılır. Layihədə nəzərdə tutulan 149 kilometr kanalizasiya şəbəkəsinin 106,6 kilometrlik hissəsində işlər yekunlaşıb, 5307 ünvana ev birləşməsi verilib. Bundan başqa diametri 1400 millimetr, uzunluğu 1,2 kilometr olan kanalizasiya kollektorunun inşası da tam yekunlaşıb.

Şəhərdə yaranacaq tullantı suları Xaçmaz rayonu ərazisində inşa ediləcək məhsuldarlığı sutkada 70 min kubmetr olan çirkab sutəmizləyici qurğuda emal olunacaq. Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin də tullantı suları bu qurğuda təmizlənib zərərsizləşdiriləcək.

Qeyd edək ki, “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Xaçmaz şəhəri ilə yanaşı, Qusar, Naftalan, Xızı, Qobustan şəhərlərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Artıq Qusar və Naftalan şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb, digər şəhərlərdə isə davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.