REGİONLAR
Xaçmaz şəhərinin su-kanalizasiya sistemlərinin yenidən qurulması oktyabr ayında başa çatacaq
Xaçmaz, 1 avqust, Elxan Yusifli, AZƏRTAC
“Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində görülən işlərin 95 faizi yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, hazırda layihənin ikinci mərhələsinə uyğun olaraq şəhər ərazisində su-kanalizasiya xətlərinin çəkilişi tamamlanmaq üzrədir. Bununla paralel olaraq yeni çəkilən su xətlərinin dezinfeksiyası, kanalizasiya xətlərinin hidroizolyasiyası və abonentlər üçün sayğacların quraşdırılması prosesi davam edir. Paralel olaraq işlər yekunlaşan küçələrin asfaltlanması da həyata keçirilir.
Layihə rəhbəri Təbriz Həsənov bildirib ki, avqust ayının sonuna kimi şəhər ərazisində qazıntı işləri tamamilə yekunlaşacaq. Xaçmaz su-kanalizasiya sisteminin yenilənməsi işlərinin bu ilin oktyabr ayında başa çatdırılması nəzərdə tutulub.
Şəbəkə su xətlərinin ümumi uzunluğu 165,6 kilometrdir. Çəkilməkdə olan kanalizasiya xətlərinin ümumi uzunluğu isə 149 kilometrə bərabərdir. Tikinti işləri şəhər ərazisində mərhələli şəkildə həyata keçirilib. Su və kanalizasiya xətlərinin tikintisi yekunlaşdıqdan sonra 12 minə yaxın abunəçi su sayğacı ilə təmin olunacaq.
Layihənin birinci mərhələsində Uçqun bulağı bərpa edilib. Bununla da bu mənbədən saniyədə 200 litr və ya sutkada 17 min 300 kubmetr su götürmək mümkün olacaq. Həmçinin 400 millimetr diametrli 2 kilometr uzunluğunda magistral su xətti də çəkilib. Tutumu 3 və 2 min kubmetr olan dörd su anbarı inşa edilib. Bu mərhələdə 1,5 kilometr uzunluğunda anbarlararası qidalandırıcı su xətti çəkilib, xlorator qurğusu da daxil olmaqla, yeni xlorator binası tikilib.
Eyni zamanda, Xaçmaz rayonunun Gülalan kəndində inşa ediləcək çirkab sutəmizləyici qurğunun yerləşəcəyi ərazidən şəhər istiqamətində kanalizasiya xətləri çəkilib.
Layihənin icrası Xaçmaz şəhərində 46 min 776, Qobuqırax, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində isə 10 min 863 nəfər olmaqla, ümumilikdə, 57 min 639 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.
Yaranan çirkab suları Xaçmaz rayonunun Gülalan kəndi ərazisində tikiləcək, məhsuldarlığı sutkada 50 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuda emal ediləcək. Xaçmazla yanaşı, Quba və Qusar şəhərlərində yaranan çirkab suları da emal üçün bu təmizləyici qurğuya nəql olunacaq.