REGİONLAR
Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur VİDEO
Xaçmaz, 3 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin ikinci mərhələsinin icrası sürətlə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Xaçmaz rayonunun Gülalan kəndində inşa ediləcək çirkab sutəmizləyici qurğunun yerləşəcəyi ərazidən şəhər istiqamətində kanalizasiya xətlərinin çəkilməsi artıq yekunlaşmaq üzrədir. Kanalizasiya xətti diametri 700, 1000 və 1400 millimetr olan sərtləşdirilmiş polietilen borularla çəkilir.
Hazırda isə Xaçmaz şəhər ərazisində sistemli olaraq tikinti işləri aparılır. Layihənin bu mərhələsində, ümumilikdə 165,6 kilometr uzunluğunda şəbəkə su xətti, 149 kilometr uzunluğunda kanalizasiya xətti çəkiləcək. Artıq şəhər ərazisində çəkiləcək su və kanalizasiya xəttinin 4 min metrdən çox hissəsi hazırdır.
Bu işlər yekunlaşdıqdan sonra12 minə yaxın abunəçi su sayğacı ilə təmin olunacaq. Xaçmaz şəhərində 1 ədəd su, 1 ədəd kanalizasiya nasos stansiyasının tikintisi də nəzərdə tutulub.
Layihənin birinci mərhələdə Uçqun bulağı bərpa edilib. Bununla da bu mənbədən saniyədə 200 litr və ya sutkada 17 min 300 kubmetr su götürmək mümkün olacaq. Həmçinin 400 millimetr diametrli 2 kilometr uzunluğunda magistral su xətti də çəkilib. Tutumu 3 və 2 min kubmetr olan dörd su anbarı inşa edilib. Bu mərhələdə 1,5 kilometr uzunluğunda anbarlararası qidalandırıcı su xətti çəkilib, xlorator qurğusu da daxil olmaqla, yeni xlorator binası tikilib.
Layihənin icrası Xaçmaz şəhərində 46 min 776, Qobuqırağı, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində isə 10 min 863 nəfər olmaqla, ümumilikdə 57 min 639 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.
Yaranan çirkab suları Xaçmaz rayonunun Gülalan kəndi ərazisində tikiləcək, məhsuldarlığı sutkada 50 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuda emal ediləcək. Xaçmazla yanaşı, Quba və Qusar şəhərlərində yaranan çirkab suları da emal üçün bu təmizləyici qurğuya nəql olunacaq.
Xaçmaz su-kanalizasiya sisteminin yenilənməsi işlərinin iki il ərzində başa çatdırılması nəzərdə tutulur.