REGİONLAR
Xaçmazda 100-dək könüllü donor qan verib VİDEO
Xaçmaz, 22 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 22-də Xaçmaz rayonunda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə növbəti qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya, Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankı və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan aksiyada 100-dək könüllü donordan qan götürülüb.
Heydər Əliyev adına Mədəniyyət Sarayında qanvermə aksiyası səhər saatlarından başlayıb. Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları mərkəzi rayon xəstəxanasının tibb heyəti ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.
Gün ərzində davam edən humanitar aksiya çərçivəsində könüllü donorlardan götürülən qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.