REGİONLAR
Xaçmazda 1579 məzun son zəngin sədaları altında müstəqil həyata addımlayıb VİDEO
Xaçmaz, 14 iyun, Elxan Yusifli, AZƏRTAC
Bu tədris ilində Xaçmaz rayonundakı 123 təhsil müəssisəsində 1579 nəfər XI sinfi bitirib.
AZƏRTAC xəbər verir ki, rayonda son zəng tədbirləri şagirdlərin təhlükəsizliyi təmin olunmaqla, bilavasitə ümumtəhsil məktəblərində təşkil edilib.
Rayonun ən böyük təhsil müəssisələrindən sayılan akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə keçirilən son zəng tədbirində məktəb kollektivi ilə yanaşı, rayon rəhbərliyi, təhsil şöbəsinin nümayəndələri və valideynlər iştirak edib.
Çıxış edənlər müstəqil həyata qədəm qoyan məzunlara uğurlar arzulayıb, onları Vətənə layiqli övlad olmağa səsləyiblər.
Məzunlar qarşıda onları ali məktəbə imtahanlar kimi daha ciddi sınaqların gözlədiyini bildiriblər.
Respublika fənn olimpiadalarında və müxtəlif müsabiqələrdə uğur qazanan şagirdlər fəxri fərmanla mükafatlandırılıb.
Şagirdlərin nümayiş etdirdikləri ədəbi-bədii kompozisiyadan sonra son zəng çalınıb.