REGİONLAR
Xaçmazda 2 min 800 hektardan çox sahədə pomidor yetişdirilib VİDEO
Xaçmaz, 13 avqust, Elxan Yusifli, AZƏRTAC
Ölkəmizin əsas tərəvəzçilik rayonlarından olan Xaçmazın təsərrüfatçıları pomidor sahələrindən məhsul yığımını davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, fermerlər açıq sahələrdən pomidor yığımına iyul ayının ikinci ongünlüyündən başlayıb. Bu il rayonda 2 min 800 hektardan çox sahədə pomidor yetişdirilib ki, bu da ötən illə müqayisədə 200 hektar çoxdur.
Rayonun Aşağı Zeyid kəndi pomidor sahələrinin çoxluq təşkil etdiyi yaşayış məntəqələrindən biridir. Burada 80 hektardan çox sahədə pomidor əkilib. Bu kənddən olan təsərrüfatçı İntiqam Həsrətov bildirir ki, builki məhsuldarlıq, eləcə də qiymətlər pomidor əkənlərin ürəyincədir: “Bol məhsul yetişdirmişik. Əkin zamanı daha çox xəstəliklərə dözümlü, görünüşü, həm də dadı ilə seçilən sortlara üstünlük vermişik. Alıcılarımız da kifayət qədərdir. Yığılan məhsul yerli bazarlarla yanaşı, Bakı şəhərinə, eləcə də ölkəmizin digər bölgələrinə göndərilir”.
Xaçmazda pomidor yığımı sentyabr ayının sonlarınadək davam edəcək. Yerli bazarda pomidorun bir kiloqramı 22-25 qəpiyə satılır.
Ötən il rayondakı 2 min 606 hektar pomidor sahəsindən 64 min 209 ton məhsul toplanıb.