REGİONLAR


Xaçmazda 2 min hektardan çox yeni fındıq bağları salınıb

Xaçmaz, 10 avqust, Elxan Yusifli, AZƏRTAC

Xaçmazda 2 min 37 hektar sahədə yeni fındıq bağları salınıb. Hazırda rayondakı fındıq bağlarının ümumi sahəsi 6 min 688 hektar təşkil edir.

Rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin baş mütəxəssisi Qabil Ağabalayev AZƏRTAC-a müsahibəsində bildirib ki, yaxın gələcəkdə bu göstəricini 10 min hektara qədər artırmaq planlaşdırılır: “Prezident İlham Əliyevin ölkəyə daha çox valyuta gətirən məhsulların əkilməsinə üstünlük verilməsi ilə bağlı göstərişlərinə əsasən rayonumuzda bir sıra işlər həyata keçirilməyə başlanılıb. Xaçmaz fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biri kimi qəbul edilib. Ölkə üzrə 40 min hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulub ki, bunun da 5 min 16 hektarı bizim rayonun payına düşür. Bu günədək artıq 2 min hektardan çox sahədə yeni fındıq bağları salınıb”.

Q.Ağabalayev bildirib ki, ölkəyə valyuta gətirən bu məhsula son zamanlar tələbatın daha da artması torpaq mülkiyyətçilərini fındıq bağlarının sahəsini genişləndirməyə həvəsləndirir. Fındığın az zəhmət tələb etməsi və satış qiymətinin münasib olması fermerləri həvəsləndirən amillərdəndir.

Xaçmazlı təsərrüfatçılar avqustun ilk günlərindən etibarən fındıq bağlarından məhsul yığımına başlayıblar. Məhsul yığımı bu ayın sonunadək davam edəcək. Təsərrüfatçılar bu mövsüm fındıq bağlarında məhsuldarlığın yüksək olduğunu bildirirlər.

Rayonun Qusarçay kəndində 16 hektar fındıq sahəsi olan sahibkar Xanlar Eldarov AZƏRTAC-a müsahibəsində deyib ki, məhsulu itkisiz toplamaq üçün yığımı ayın ikinci ongünlüyünədək yekunlaşdırmaq məqsədəuyğun sayılır: “Qaxda Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsini diqqətlə izlədim. Dövlətimizin başçısı bildirdi ki, son iki il ərzində 18 min hektarda yeni fındıq bağları salınıb ki, onlar da bir neçə ildən sonra bar verəcək. Prezidentimiz sahibkarları, təsərrüfatçıları daim dəstəkləyir. Bizim 16 hektar fındıq bağımız var. Bunun da 8 hektarı bar verəndir. 8 hektar bağı isə yeni salmışıq. Fındığın yetişdirilməsi digər meyvələrlə müqayisədə daha az zəhmət tələb edir. Bununla yanaşı, məhsula tələbatın çox olması da ən böyük üstünlüklərdəndir.”

Hazırda Xaçmaz bağlarında məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir. Əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarında saxlayırlar. Fındıq əsasən yerli bazarlarda satılır. Bununla yanaşı, rayonda 10-a yaxın fındıq qəbulu məntəqəsi mövcuddur və məhsulu fermerlərdən sərfəli qiymətə alırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.