REGİONLAR
Xaçmazda 2 min sakinin istifadə etdiyi kənd yolu yenidən qurulub VİDEO
Xaçmaz, 14 aprel, Elxan Yusifli, AZƏRTAC
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, kəndlərarası və qəsəbələrarası avtomobil yollarını yenidən quraraq vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu tədbirlər çərçivəsində əsaslı şəkildə yenidən qurulan Xaçmazın Ağyazı kəndinin yolu aprelin 14-də sakinlərin istifadəsinə verilib.
Yolun açılış mərasimində rayon rəhbərliyi, “Azəravtoyol” ASC-nin nümayəndələri və kənd sakinləri iştirak edib. Tədbirdə bildirilib ki, Ağyazı kəndinə yeni avtomobil yolunun çəkilməsi ilə iki yaşayış məntəqəsində yaşayan 2 minə yaxın əhalinin Quba-Xaçmaz avtomobil yoluna rahat və maneəsiz gediş-gəlişi təmin olunub.
Bundan öncə torpaq və çınqıl örtüklü olduğundan sözügedən yolda xüsusən payız-qış mövsümündə avtomobillərin hərəkəti xeyli çətinləşirdi. Problemlə bağlı vətəndaşların “Azəravtoyol” ASC-yə çoxsaylı müraciətləri nəzərə alınaraq, 2,5 kilometrlik yol əsaslı şəkildə yenidən qurulub.
Aparılan yenidənqurma işləri çərçivəsində yeni yol yatağı salınıb, 7 metr enində yüksək keyfiyyətli asfalt-beton örtüyü döşənib. Bundan başqa, avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün 3 yerdə suötürücü boru qoyulub. Zəruri olan yerlərdə yol nişanları da quraşdırılıb.
Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.