REGİONLAR
Xaçmazda 58 minə yaxın əhalinin su təchizatı və kanalizasiya xidmətləri əsaslı şəkildə yaxşılaşacaq VİDEO
Xaçmaz, 1 avqust, Elxan Yusifli, AZƏRTAC
“Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin ikinci mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, hazırda Xaçmaz rayonunun Gülalan kəndində inşa ediləcək çirkab sutəmizləyici qurğunun yerləşəcəyi ərazidən şəhər istiqamətində kanalizasiya xətləri çəkilir. Diametri 800 və 1400 millimetr olan polietilen borularla çəkilən kanalizasiya xəttinin 1050 metri artıq hazırdır. Yaxın günlərdə isə Xaçmaz şəhər ərazisində də sistemli olaraq tikinti işlərinin görülməsi nəzərdə tutulur.
Layihənin bu mərhələsində, ümumilikdə 165,6 kilometr uzunluğunda şəbəkə su xətti, 149 kilometr uzunluğunda kanalizasiya xətti çəkiləcək, 12 minə yaxın abunəçi su sayğacı ilə təmin olunacaq. Xaçmaz şəhərində 1 ədəd su, 1 ədəd kanalizasiya nasos stansiyasının tikintisi də nəzərdə tutulub.
Birinci mərhələdə Uçqun bulağı bərpa edilib. Bununla da bu mənbədən saniyədə 200 litr və ya sutkada 17 min 300 kubmetr su götürmək mümkün olacaq. Bununla yanaşı, 400 millimetr diametrli 2 kilometr uzunluğunda magistral su xətti də çəkilib. Tutumu 3 və 2 min kubmetr olan dörd su anbarı inşa edilib. Bu mərhələdə 1,5 kilometr uzunluğunda anbarlararası qidalandırıcı su xətti çəkilib, xlorator qurğusu da daxil olmaqla, yeni xlorator binası tikilib.
Layihənin icrası Xaçmaz şəhərində 46 min 776, Qobuqırax, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində isə 10 min 863 nəfər olmaqla, ümumilikdə 57 min 639 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.
Yaranan çirkab suları Xaçmaz rayonunun Gülalan kəndi ərazisində tikiləcək, məhsuldarlığı sutkada 50 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuda emal ediləcək. Xaçmazla yanaşı Quba, və Qusar şəhərlərində yaranan çirkab suları da emal üçün bu təmizləyici qurğuya nəql olunacaq.
Xaçmaz su-kanalizasiya sisteminin yenilənməsi işlərinin iki il ərzində başa çatdırılması nəzərdə tutulub.