REGİONLAR
Xaçmazda “Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi” mövzusunda təlimin yekunları müzakirə edildi VİDEO
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumları və yerli sahibkarlarla yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan mütəxəssislər də iştirak edirdilər.
Tədbirin əvvəlində İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev iştirakçılara Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətləri, Dövlət proqramlarında gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə, yeni biznes və məşğulluq imkanlarının genişləndirilməsinə, yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinə dövlət dəstəyinin artırılmasına dair qarşıya qoyulan hədəflər barədə məlumat verdi.
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov çıxış edərək bildirdi ki, ölkədə gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Xaçmazda gənclər üçün biznes inkubatorun yaradılması bu qəbildən olan tədbirlərdəndir. Biznes inkubator gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsinə, onların innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğunun artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına öz töhfəsini verəcəkdir.
Bildirildi ki, burada gənclərə sahibkarlıq fəaliyyətinə başlamaq üçün nəzəri və praktik məlumatlar veriləcək, biznesin planlaşdırılması və idarə edilməsi, investisiya layihələrinin və biznes-planların hazırlanması, marketinq araşdırmalarının aparılması, sərgilərin təşkili, potensial biznes tərəfdaşlarla əlaqələrin qurulması və digər məsləhət xidmətləri göstəriləcəkdir. Biznes inkubatorların ölkənin digər iqtisadi rayonlarında da yaradılacağı qeyd edildi.
İslam İnkişaf Bankının nümayəndəsi Osman Əhməd çıxışında kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətində qabaqcıl təcrübənin tətbiqinin önəmli olduğunu vurğuladı, keçirilən təlimin təcrübə mübadiləsi baxımından əhəmiyyətini qeyd etdi.
Tədbir çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən məruzələr edildi, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan mütəxəssislərin bu sahədə təqdimatları keçirildi.
Təlim iştirakçıları daha sonra Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubatorun fəaliyyəti üçün ayrılan otaqlarla, burada iştirakçılar üçün yaradılan şəraitlə, həmçinin Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən bir sıra müəssisələrin fəaliyyəti ilə tanış oldular.