REGİONLAR


Xaçmazda “Müharibənin informasiya cəbhəsi: mövcud durum və perspektiv vəzifələr” mövzusunda “dəyirmi masa” keçirilib

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC

“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyi Xaçmazda “Müharibənin informasiya cəbhəsi: mövcud durum və perspektiv vəzifələr” mövzusunda “dəyirmi masa” keçirib.

AZƏRTAC xəbər verir ki, tədbir İctimai Birliyin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək” layihəsi çərçivəsindəki sayca üçüncü toplantıdır.

“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri, “İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək” layihəsinin əlaqələndiricisi Əvəz Rüstəmov bildirib ki, onlayn medianın və sosial şəbəkələrin rolunun artdığı hazırkı şəraitdə cəmiyyətin informasiya tələbatının düzgün şəkildə ödənilməsi fikir plüralizminin dərinləşməsi baxımından mühüm şərtdir. Biz müharibə şəraitində yaşayırıq və bu amil hər birimizdən informasiyaya, onun yayılması məsələlərinə həssas yanaşmağı tələb edir. “Torpaqlarımızın 20 faizi işğal altındadır. 2014-cü ilin avqustunda cəbhə xəttində atəşkəsin genişmiqyaslı pozulması faktı, istər ondan sonra yaşananlar, istərsə də cari ilin aprelində qoşunların təmas xəttində baş verən hadisələr müharibənin informasiya cəbhəsinin mövcudluğunu bir daha təsdiqlədi. Hesab edirik ki, belə vəziyyətdə cəmiyyət üzvlərinin informasiyaların yayılması zəminində baş verə biləcək olaylara, hallara adekvat reaksiyasının formalaşması önəmlidir. Layihəmiz də bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasını hədəf seçib. İstəyirik ki, geniş ictimaiyyət informasiya müharibəsi şəraitində medianın və sosial şəbəkələrin fəaliyyət xüsusiyyətlərinə, yerinə yetirdiyi missiyaya dair ətraflı məlumatlı olsun”, - deyə Ə.Rüstəmov vurğulayıb.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, “İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək” layihəsinin eksperti Seymur Verdizadə qeyd edib ki, 2014-cü ilin avqustunda, eləcə də 2016-cı ilin aprelində vətəndaşlarımız bəzən yanlış məlumatlarla baş-başa qaldı. Bu cür hallarda dövlət qurumları da daha çevik fəaliyyət göstərməlidirlər. Bununla yanaşı, ictimaiyyət də mənfi təmayüllərə münasibətdə sərt reaksiya ortaya qoymalıdır.

S.Verdizadə çıxışında, həmçinin cəmiyyətin informasiya müharibəsinə hazırlığının müxtəlif aspektləri ilə bağlı istər yerli, istərsə də beynəlxalq təcrübədə meydana çıxan cəhətlərdən danışıb.

Tanınmış jurnalist, “Ədalət” qəzetinin əməkdaşı Etibar Cəbrayıloğlu kütləvi informasiya vasitələrinin bir çoxunun internet üzərindən yayımlandığı hazırkı dövrdə yalnız müsbət deyil, mənfi meyillərin də nəzərə çarpdığını bildirib. Belə meyillərə qarşı xüsusən də gənclərin səfərbər olmaları əsas şərtdir.

O, tədbirin mövzusunun geniş spektri əhatə etdiyini deyib. Biz cəmiyyət olaraq informasiya müharibəsinin ab-havasına uyğun davranmağı bacarmalıyıq. Düşünürəm ki, layihə bu baxımdan vacibdir.

Tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.