REGİONLAR
Xaçmazda Peru fizialisi yetişdirilir VİDEO
Xaçmaz, 25 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Yeni Sudur kəndində yerləşən təsərrüfatda ölkəmiz üçün qeyri-ənənəvi giləmeyvə sortlarından sayılan Peru fizialisi yetişdirilir. Müxtəlif meyvə salatlarının, kokteyllərin və cemlərin hazırlanmasında geniş istifadə olunan bu ekzotik giləmeyvə müalicəvi əhəmiyyətə də malikdir. Ölkəmizə əsasən Türkiyədən idxal edilən və “yergilası”, “altun çilək” kimi adlandırılan fizialis satış məntəqələrində baha qiymətə təklif olunur.
AZƏRTAC xəbər verir ki, vətəni Mərkəzi və Cənubi Amerika ölkələri sayılan bitkini Habil Tarquliyev şəxsi təsərrüfatında istixana şəraitində becərir. Sahibkar fizialis toxumlarını Türkiyədən gətirib. Aprel ayında əkinə başlayan təsərrüfatçı istixanada 22 min ədəd fizalis şitilini bir neçə mərhələdə əkib. Tam böyüdükdən sonra bitki kollarının hündürlüyü 0,9-1,6 metr hündürlüyündə olur.
Aqranom Arif Şirinov isə bildirir ki, bir fizalis kolunun üzərində 300-ə yaxın giləmeyvə yetişir. Hər meyvənin çəkisi isə orta hesabla 3-5 qram təşkil edir. Ərazisi bir hektara yaxın olan plantasiyadan 30-40 tona yaxın məhsul əldə ediləcəyi gözlənilir. Plantasiyada ilk giləmeyvələr iyul ayının 20-dən sonra yetişəcək. Yığım prosesi isə sentyabr ayına kimi davam edir. Təsərrüfatçılar məhsulu yerli bazarlarda satmağı planlaşdırır.
Tam yetişmiş narıncı rəngli fizialis giləmeyvələrinin dadı şirin və ətirli olur. Bir sıra vitaminlərlə zəngin Peru fizialisi şəkərli diabet, qan təzyiqi, mədə-bağırsaq xəstəliklərinin müalicəsində olduqca faydalı sayılır.