REGİONLAR
Xaçmazda altı yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə başlanılıb
Xaçmaz, 1 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda 8 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qusarçay-Pirquluoba-Yeni Həyat avtomobil yolunun tikintisinə başlanılıb. Yolun tikintisi Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən aparılır. Bu məqsədlə Prezidentin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 4 milyon manat vəsait ayrılıb.
AZƏRTAC xəbər verir ki, ümumi uzunluğu 10 kilometr olan yolda hazırda tikinti işlərinin birinci mərhələsi aparılır. Bu mərhələdə işlər yolun Yeni Həyat qəsəbəsi və Pirquluoba kəndindən keçən hissəsində həyata keçirilir. Ağır texnika vasitəsilə yolun üst qatı hamarlanaraq çınqıl tökülür və yol yatağı genişləndirilir. Bundan sonra yola asfalt-beton örtüyünün salınmasına başlanılacaq.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Yeni Həyat inzibati ərazi dairəsi üzrə nümayəndəsi Güləddin Sədiyev AZƏRTAC-a müsahibəsində bildirib ki, yolun tikintisi ilə yerli əhalinin ən böyük arzularından biri gerçəkləşmiş olacaq. “Bu yoldan 5 kənd və bir qəsəbənin sakinləri mütəmadi istifadə edir. Avtomobil yolunun əvvəlki vəziyyəti qənaətbəxş deyildi. Hazırda isə yüksək keyfiyyətli, müasir standartlara cavab verən yolun çəkilişinə başlanılıb və sakinlərimiz buna görə Prezident İlham Əliyevə minnətdarlıq edirlər” – deyə G.Sədiyev vurğulayıb.
Yolun tikintisinin bu ilin yay aylarında başa çatdırılması nəzərdə tutulur.