REGİONLAR
Xaçmazda aşkarlanan ətlərin yararsız olduğu müəyyən edilib
Bakı, 5 may, AZƏRTAC
Mayın 3-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, Rəsul Rza küçəsi 35 saylı ünvanda yaşayan Ağayev Namiq Əmirağa oğlunun evinin həyətindəki soyuducuda hissələrə bölünmüş, mənşəyinə və keyfiyyətinə dair baytarlıq sənədi olmayan 720 kiloqram ət aşkar olunub.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xidmətin mütəxəssisləri aşkar olunmuş ətlərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürərək qida üçün yararlı olub-olmamasının, bakterioloji və biokimyəvi göstəricilərinin müəyyənləşdirilməsi məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına göndəriblər.
Laboratoriyanın ekspertizasına əsasən yoxlanılan 20 nümunə heyvan ətində aparılan bakterioloji müayinə zamanı bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkarlanıb. Biokimyəvi müayinələr (pH, peroksidaza və göydaş reaksiyaları) zamanı isə ətlərin keyfiyyətsiz və baytarıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Eləcə də müayinə zamanı Xaçmaz rayonunda aşkar edilən ətlərin aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvanların ətlərinin olması məlum olub.
Laboratoriya müayinələrinin nəticəsinə uyğun qəbul edilmiş qərara müvafiq olaraq, Xaçmaz rayonunda aşkarlanan və paytaxta gətirilən ətlər baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriləcək.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, aidiyyəti qurumlarla bu istiqamətdə lazımi tədbirlər bundan sonra da ardıcıl olaraq davam etdiriləcək.