REGİONLAR


Xaçmazda bələdiyyə-QHT əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib

A+ A

Xaçmaz, 22 iyul, Elxan Yusifli, AZƏRTAC

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı “Bələdiyyə-QHT əməkdaşlığı vasitəsilə ictimai problemlərin həllinə yönələn tədbirlərin təşkili” layihəsi çərçivəsində növbəti ictimai müzakirə Xaçmaz şəhərində keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyəti nümayəndələrinin, bələdiyyələrinin rəhbərlərinin və üzvlərinin, bələdiyyələrin məhəllə komitələrinin təmsilçilərinin qatıldığı tədbirdə əhalini narahat edən ictimai problemlərin həlli üçün bələdiyyə-QHT əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə olunub.

Tədbirdə korrupsiya və rüşvətlə mübarizədə vətəndaş fəallığının artırılması, yerli əhalinin, xüsusən gənclərin dini radikalizmə yuvarlanmasının qarşısının alınması üçün bələdiyyələrin fəaliyyətinin gücləndirməsinə çox böyük ehtiyac duyulduğu bildirilib. Qeyd olunub ki, müxtəlif dini radikal cərəyanlara qoşulanlarla bağlı yayılan informasiyalar cəmiyyəti narahat edən ən ciddi problemlərdəndir. Maarifləndirmə ilə bu kimi mənfi tendensiyaların yaranmasının qarşısını almaq olar.

Layihənin ekspertləri korrupsiya və rüşvətlə mübarizədə bələdiyyələrin fəaliyyəti və dini radikalizmin ictimai təhlükəsizliyə təsiri mövzusunda məruzə ediblər. Bildirilib ki, gənclərin qeyri-ənənəvi cərəyanlara meyillənməsinin qarşısının alınması üçün hər bir Azərbaycan vətəndaşının, ictimai təşkilatların, bələdiyyələrin aktiv fəaliyyət göstərməsi vacib şərtdir.

Ekspertlər qeyd edib ki, müasir dövrdə qloballaşma və inteqrasiya ictimai davranış qaydalarında inkişafla yanaşı, problemlər də yaradır. İnternet resurslarının inkişafı da bu problemlərin yaşanmasında müəyyən rol oynayır. Bəzi hallarda elmsizlik, düzgün yanaşmanın olmaması ictimai davranışda, mənəvi keyfiyyətlərdə, adət-ənənələrdə deqradasiya yaradır və nəticədə biz korrupsiya və rüşvətlə, gənclərin dini radikalizmə yuvarlanmaması ilə mübarizədə aciz qalırıq.

Daha sonra tədbir iştirakçıları da müzakirələrə qoşularaq haqqında danışılan problemlərin səbəbləri və aradan qaldırılması yolları haqqında öz fikirlərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.