REGİONLAR
Xaçmazda fövqəladə hallar zamanı təhlükəsizlik qaydaları ilə əlaqədar praktiki təlimlər keçirilib VİDEO
Xaçmaz, 1 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda 1 Mart - Dünya Mülki Müdafiə Günü ilə əlaqədar praktiki təlimlər keçirilib.
AZƏRTAC xəbər verir ki, martın 1-də rayondakı bütün idarə və müəssisə, təhsil ocaqları və inzibati ərazi dairələri üzrə metodiki toplanışlar, nümunəvi təlimlər və məşğələlər təşkil edilib.
Çingiz Abdullayev adına 2 nömrəli tam orta məktəbdə keçirilən təlimin nəzəri hissəsində şagirdlərlə maarifləndirici söhbətlər aparılıb, fövqəladə hallar zamanı istifadə olunan avadanlıqlar nümayiş etdirilib.
Daha sonra şərti xəbərdarlıq siqnalı ilə məktəbdə “yanğın” həyəcanı elan olunub. Məktəblilər yanğın zamanı təhlükəli zonadan təxliyyə olunma qaydalarını, yaralanmış şəxslərə ilk tibbi yardım üsullarını göstəriblər. Şagirdlərin təlimatlandırılması və maarifləndirilməsi məqsədilə məktəbə yanğınsöndürənlər, xilasedicilər və təcili tibbi yardım heyəti cəlb olunub.
Rayon icra hakimiyyətinin, Xaçmaz regional fövqəladə hallar və mülki müdafiə şöbəsinin təşkilatçılığı, eləcə də Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin və Mülki Müdafiə Qoşunlarının yaxından iştirakı ilə keçirilən təlimlərin əsas məqsədi vətəndaşları, xüsusilə də məktəbliləri maarifləndirmək, onlara fövqəladə hallar zamanı təhlükəsizlik qaydalarına necə riayət etməyi öyrətməkdən ibarət olub.