REGİONLAR
Xaçmazda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb
Qusar, 15 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 15-də Xaçmazda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, Xaçmaz şəhərindəki Akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə təşkil olunan anım tədbirində rayonun fəal qadınları, səhiyyə, təhsil işçiləri, eləcə də icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə görkəmli oftalmoloqun məktəbin həyətində ucaldılmış abidəsinin qarşısına gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.
Tədbirdə çıxış edənlər akademik Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan danışıblar. Bildirilib ki, görkəmli oftalmoloq təkcə respublikamızda deyil, həmçinin beynəlxalq aləmdə də tanınmış alim, ziyalı, ictimai xadim kimi dəyərləndirilir.
Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil alıb. 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlayıb və bütün ömrünü oftalmologiyaya həsr edib. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Rayonun fəal qadınları akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinin onlar üçün əsl nümunə olduğunu qeyd ediblər. Diqqətə çatdırılıb ki, görkəmli alim öz qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini, ehtiramını qazanmışdı. Onun inkişaf etdirdiyi elm sahəsinin davamçıları bu gün də alimin irsindən faydalanırlar.