REGİONLAR
Xaçmazda inşa yazı müsabiqəsinin rayon mərhələsi keçirilib
Xaçmaz, 5 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 4-də Xaçmaz şəhərindəki akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan inşa yazı müsabiqəsinin rayon mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqə iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüblər.
“Əbədiyaşar Liderimiz” mövzusunda VIII-XI sinif şagirdləri arasında keçirilən müsabiqənin ilkin mərhələsi hər bir ümumtəhsil məktəbinin öz şagirdləri arasında keçirilib. Bu mərhələnin qalibi olan 89 şagird rayon mərhələsində bacarığını nümayiş etdirmək imkanı qazanıb.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun azərbaycançılıq ideologiyasının təbliği, eləcə də şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədi daşıyan müsabiqənin rayon mərhələsində seçilən məktəblilər may ayında keçiriləcək respublika turuna vəsiqə qazanacaqlar.