REGİONLAR
Xaçmazda keçirilən rəsm və şeir müsabiqələrinin qalibləri mükafatlandırılıb VİDEO
Xaçmaz, 4 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 4-də Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda şeir və “Çiçəklənən Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı, rayon Təhsil şöbəsi və Heydər Əliyev Mərkəzinin birgə keçirdiyi müsabiqədə 50-dən çox şagird öz bacarığını nümayiş etdirib.
Tədbirdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Nazim Ağayev və başqaları Ümummilli Liderin zəngin ictimai-siyasi fəaliyyəti barədə danışıb, müsabiqənin əhəmiyyətini vurğulayıblar.
Müsabiqədə şeir söyləyən, eləcə də rəsmlərini təqdim edən şagirdlərin bacarığı rayon Təhsil şöbəsi tərəfindən təyin edilən münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Şeir müsabiqəsində birinci yerə Osman Qədirov, ikinci yerə Nuranə Pənahlı, üçüncü yerə isə Fəridə Rəcəbova layiq görülüb. Rəsm müsabiqəsində isə Mehriban Mövlanverdiyeva, Ayişə Alimova və Leyla Emirova müvafiq olaraq ilk üç yeri tutublar.
Hər iki müsabiqənin qalibləri və fərqlənən şagirdlər təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.