REGİONLAR


Xaçmazda məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınması yolları müzakirə edilib

A+ A

Xaçmaz, 6 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz rayonunda “Məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınmasında insanların ictimai fəallığının artırılması” adlı layihə çərçivəsində maarifləndirmə tədbiri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “Ailə” Sosial Araşdırmalar İctimai Birliyinin reallaşdırdığı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Əvvəlcə İctimai Birliyin nümayəndəsi Aygün Cəfərova layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında ətraflı məlumat verib.

Qadın hüquqları və gender məsələləri üzrə ekspert qismində çıxış edən professor Rəna Mirzəzadə “Məişət zorakılığı və onun növləri, erkən nikahla mübarizə yolları” mövzusunda məruzə edib, zorakılığı və erkən nikahla bağlı fikirlərini bölüşüb. Çıxışda zorakılığın növləri, əsas səbəb və nəticələri haqqında məlumat verilib. Erkən nikah, boşanma zamanı kişilər tərəfindən alimentin ödənməməsi, iqtisadi zorakılıq kimi ailədə qadınların və uşaqların əməyinin istismarı, ailə münaqişəsi zamanı uşaqların psixologiyasının pozulması kimi məsələlərə toxunan ekspert insanlar arasında maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Ailə, qadın və uşaq problemləri üzrə ekspert Vəsilə Möhsümova isə “Məişət zorakılığı və erkən nikahla mübarizə sahəsində qanunvericilik və dövlət qurumlarının fəaliyyəti” mövzunda çıxış edərək ölkəmizdə insan hüquqlarının təmin olunmasından, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyindən, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlərdən, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icra vəziyyətindən, bu sahədə dövlət qurumları və QHT-lər tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb.

Tədbirdə erkən nikah problemi ilə bağlı elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, habelə mübarizə yolları barədə məlumat verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrə qatılan tədbir iştirakçıları məişət zorakılığının və erkən nikahların qarşısının alınması sahəsində bir sıra təkliflər irəli sürüblər. Məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınması məqsədilə qaynar xətt xidmətinin yaradılması, qadın polislərin sayının artırılması, qadınların sahibkarlığa cəlb edilməsi, insanlar arasında ailə mədəniyyəti, gender bərabərliyi üzrə maarifləndirmə tədbirlərinin çoxaldılması, medianın bu sahədə fəaliyyətinin daha da genişləndirilməsi kimi təkliflər maraqla qarşılanıb.

Layihə çərçivəsində Ağsu, Göyçay və Quba rayonlarında da maarifləndirmə tədbirləri keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.