REGİONLAR
Xaçmazda mənşəyi məlum olmayan yarım ton ət aşkarlanıb VİDEO
Bakı, 9 iyun, AZƏRTAC
Xaçmaz rayonunda antisanitar şəraitdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan heyvan ətləri aşkarlanıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 9-da Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Xaçmaz Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə Xaçmaz rayonu ərazisində Xudat şəhəri, H.Əliyev küçəsi 29B, mənzil 16-da yaşayan Məmmədyarov Eynulla Balaşərif oğluna məxsus “PEKAP” markalı “10-PE-327” dövlət nömrə nişanlı avtomobilə baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, şaqqalara bölünmüş 500 kiloqram heyvan əti, 2 ədəd kəsilmiş malın baş-ayağı və daxili orqanları aşkar olunub.
Avtomobildə aşkar edilmiş ətdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Heyvan ətlərinin müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilib.
Ətdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.