ELM VƏ TƏHSİL
Xaçmazda müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılacaq
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 28-29-da Xaçmaz rayonunun ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Xaçmaz Olimpiya İdman Kompleksində aparılacaq diaqnostik qiymətləndirmədə 2 min 300-dən çox müəllimin iştirakı nəzərdə tutulur.
Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı veriləcək. Müvafiq qaydalara görə, hər bir düzgün cavab bir balla qiymətləndirilir. Test tapşırıqlarının hər bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar.
Xatırladaq ki, diaqnostik qiymətləndirmədə nazirlik sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edirlər.