REGİONLAR
Xaçmazda nikaha daxil olmaq istəyən 2500-dən çox şəxs müayinə edilib
Xaçmaz, 5 avqust, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanda 2015-ci il iyunun 1-dən qüvvəyə minən nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblərə uyğun olaraq, Xaçmazda 2 min 523 şəxs müayinə edilib.
AZƏRTAC xəbər verir ki, nikaha daxil olmaq istəyən şəxslərin hər biri Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçib. Nəticələr barədə nikaha daxil olmaq istəyən gənclərə ayrı-ayrılıqda məlumat verilib.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, nikaha daxil olmaq istəyən şəxslərə iki həftədən gec olmayaraq Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsinə təqdim etmək üçün tibbi arayış verilir. Arayışın etibarlılıq müddəti bir aydır.