CƏMİYYƏT
Xaçmazda qumar oyunları təşkil edən dəstə saxlanılıb VİDEO
Bakı, 11 fevral, AZƏRTAC
Qumarxana, totalizator, qanunsuz pul uduşu oyunlarının keçirdiyi obyektlərin və bu tipli əyləncə mərkəzlərinin fəaliyyətinin qarşının alınması istiqamətində daxili işlər orqanları tərəfindən məqsədyönlü şəkildə kompleks əməliyyat-axtarış tədbirləri mütəmadi həyata keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Xaçmaz rayonunun Xudat şəhəri ərazisində yerləşən çay evlərindən birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin obyektdə qumar oyunları təşkil edən Bakı şəhər sakini Əfsun Əhmədli, Xaçmaz rayon sakinləri Çingiz Balakişiyev, qardaşı Balaqardaş, Fərid Şeydayev və Şəhriyar Vələdov saxlanılıblar. Həmçinin həmin obyektdə qumar oynayan daha dörd vətəndaş müəyyən edilərək barələrində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
Çay evinə baxış zamanı qumar oyunlarına qoyulan pul vəsaiti, uduşlu kuponlar, “poker” oyun kartları, lotereyada istifadə olunan avadanlıq, eləcə də iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkarlanaraq götürülüb.
Fakta bağlı Baş İdarənin istintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.