REGİONLAR
Xaçmazda şampinyon göbələyi yetişdirilən müəssisə fəaliyyətə başlayıb
Xaçmaz, 24 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda göbələk yetişdirilən müəssisə fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, rayonun Yeni Həyat qəsəbəsində yerləşən müəssisədə yeməli göbələk növlərindən olan şampinyon yetişdirilir. Sahibkarlar Türkiyə təcrübəsindən yararlanaraq məhsul istehsalını genişləndirmək və yerli bazara rəqabətədavamlı göbələk çıxarmaq niyyətindədirlər.
Yeni Həyat qəsəbəsində yaradılan müəssisədə göbələyin yetişdirilməsi üçün ən vacib elementlərdən sayılan xüsusi qarışıq - kompost hazırlanır. Bu qarışığın hazırlanması üçün saman, gips, üzvi və qeyri-üzvi gübrələrdən istifadə olunur. Kompostun hazırlanması prosesi 15-20 gün çəkir. Bundan sonra kompost selofan torbalara doldurulur və Türkiyədən gətirilmiş, göbələk sporlarına yayılan toxumlar qarışıqda basdırılır. Göbələyin yetişdirilməsi və hazır məhsulun toplanması isə Bakı şəhərindəki xüsusi istehsalat otaqlarında həyata keçirilir. Son məhsul həmin sexlərdə toplanaraq satışa çıxarılır.
Müəssisənin mütəxəssisi Hızır Akyıldız bildirir ki, normal şərait olarsa, bir ton qarışıqda 250-300 kiloqramadək göbələk yetişdirmək mümkündür. Müəssissə tam gücü ilə işə başladıqdan sonra proses bütünlüklə avtomatlaşdırılacaq. Bundan sonra hər ay 8-9 ton göbələyin yetişdirilməsi üçün lazım olan qədər kompost hazırlanacaq.
Yeni Həyat qəsəbəsindəki müəssisədə göbələyin yetişdirilməsi prosesinin ilkin mərhələsi həyata keçirilsə də, gələcəkdə burada istehsalat otaqlarının yaradılması da nəzərdə tutulub.
Qeyd edək ki, şampinyon göbələyinin 200-dən çox növü var. Onların yalnız bir neçə növü yeyilmir. Hazırda dünyada yetişdirilən ümumi göbələk istehsalının 60-75 faizi şampinyonun payına düşür. Bu göbələklərin əsas istehsalçısı və ixracatçısı ABŞ-dır. Şampinyon göbələyi vitamin və minerallarla zəngin olduğundan faydalı ərzaq məhsulu sayılır. Tərkibində B qrupu vitaminləri bol olan bu məhsul yaddaşın möhkəmlənməsinə müsbət təsir göstərir, insanın zehni fəaliyyətini aktivləşdirir.