REGİONLAR


Xaçmazda ümumi təhsil səviyyəsi üzrə buraxılış imtahanının yeni modeli təqdim olunub VİDEO

A+ A

Xaçmaz, 10 dekabr, Elxan Yusifli, AZƏRTAC

Dekabrın 10-da Dövlət İmtahan Mərkəzi Xaçmaz şəhərində 2017-ci ildə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair seminar keçirib.

AZƏRTAC xəbər verir ki, seminarda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının orta məktəblərinin müvafiq fənn müəllimləri iştirak ediblər.

Plenar iclasda Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Afiqə Batıyeva ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair məruzə ilə çıxış edərək, bu sahədə aparılan işlər haqqında ətraflı məlumat verib, sualları cavablandırıb.

Yeni təhsil proqramlarının tətbiqi ilə təhsil alan şagirdlərin bacarıqlarının ölçülməsinin aktual məsələyə çevrildiyini, respublikada qiymətləndirmə sahəsində yeni yanaşmaya ehtiyac yarandığını qeyd edən A.Batıyeva bu ehtiyacın aradan qaldırılması istiqamətində görülən işlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Əsasnaməsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixli Fərmanının güclü təkan verdiyini bildirib. Həmin Fərmanla TQDK-ya yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə respublikanın ümumtəhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirmək vəzifəsi həvalə olunub. TQDK bu Fərmandan irəli gələn məsələləri yerinə yetirmək məqsədilə 2013-cü ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində monitorinq imtahanları keçirir. Monitorinq imtahanlarının nəticələri üzərində aparılan elmi-tədqiqat işləri əsasında yazı işlərinin, eləcə də esselərin qiymətləndirilməsi prosesini həyata keçirmək üçün yeni qiymətləndirmə mexanizmi işlənib hazırlanıb.

Yazı işlərinin bu və buna oxşar üsullarla qiymətləndirilməsinə beynəlxalq təcrübədə də (Böyük Britaniya, ABŞ, Rusiya, Gürcüstan və s.) rast gəlinir. Bu mexanizm respublikamızda qiymətləndirmə sahəsində tətbiq edilən yeni metoddur. Monitorinq imtahanlarının yazı işlərinin qiymətləndirilməsində bu metod artıq 4 ildir tətbiq edilir. Alınan nəticələr yeni metodun qiymətləndirmə sahəsindəki müxtəlif subyektiv təsirlərin aradan qaldırılmasında səmərəliliyini göstərir.

Bildirilib ki, hazırda 9-cu sinifdə təhsil alanların məzmun standartları üzrə mənimsəmə səviyyələri və bacarıqlarının yoxlanılması yeni qiymətləndirmə vasitələri ilə aparılır. Bunları nəzərə alaraq, 2016/2017-ci tədris ilində ümumi orta təhsil (9-cu sinif) səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni model əsasında həyata keçiriləcək.

Buraxılış imtahanının Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada Azərbaycan bölməsinin şagirdləri üçün Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün rus dili və hər iki bölmə üzrə riyaziyyat fənnindən ibarət olmaqla, iki mərhələdə keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə şagirdlərə Azərbaycan dili və rus dili fənlərindən oxuyub anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq üçün 10 açıq, ümumilikdə, iki fənn üzrə 30 test tapşırığı təqdim ediləcək. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30 qapalı, ümumilikdə, 60 test tapşırığı veriləcək.

Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük prinsipi əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə attestatı almaq üçün inşanın (essenin) qiyməti nəzərə alınacaq.

Azərbaycan və rus dilləri istisna olmaqla, tədrisi digər dillərdə aparılan ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verəcəklər. Onlara birinci mərhələdə 10 açıq, ikinci mərhələdə 30 qapalı test tapşırığı təqdim ediləcək. Birinci mərhələnin 2017-ci ilin fevral və mart, ikinci mərhələnin isə iyun aylarında keçirilməsi nəzərdə tutulur.

Daha sonra müzakirələr Azərbaycan dili və riyaziyyat fənləri üzrə davam etdirilib. Seminarda Azərbaycan dili və riyaziyyat fənni üzrə buraxılış imtahanı proqramı haqqında məlumat verilib, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları təqdim olunub.

Xaçmazdan əvvəl eyni mövzuda seminarlar Gəncə, Şirvan, Şəki, Naxçıvan, Lənkəran, Ağcabədi, Göyçay şəhər və rayonlarında da keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.