REGİONLAR
Xaçmazda uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir
Bakı, 15 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” Cəmiyyəti tərəfindən həyata keçirilən “Sağlamlıq imkanları məhdud uşaqların sayı 1000 nəfərdən çox olan rayonlarda/şəhərlərdə icma əsaslı sosial reabilitasiya mərkəzlərinin yaradılması” layihəsi Xaçmazda reallaşır.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi 0-18 yaşarası sağlamlıq imkanları məhdud uşaqlara icma əsaslı reabilitasiya xidmətlərinin göstərilməsi, ailələrin səlahiyyətləri və imkanları haqqında məlumatlandırılması, onların bilik və bacarıqlarını inkişaf etdirməkdir.
Xaçmazda yaradılmış İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzində (İƏSRM) xidmətlərin göstərilməsi üçün sağlamlıq imkanları məhdud uşaqlar müəyyən edilib, fərdi qayğı planları hazırlanıb, uşaqlara xidmət göstərilməsi vasitəsi ilə onların funksional bacarıqları tam və ya qismən bərpa olunur, ailələrə dəstək verilir, valideyn bacarıqlarının inkişafına yönəldilmiş xidmətlər göstərilir, əlilliyi olan uşaqların bacarıqları 5 sahə üzrə (psixoloji, əqli, fiziki, nitq, sosial) inkişaf etdirilir.
Layihə çərçivəsində Xaçmazda hazırda əlilliyi olan 50 uşaq mərkəzə cəlb olunub. Uşaqlara fərdi və qrup şəklində məşğələlər keçirilir. Onların beyin inkişafı və koqnitiv bacarıqlar inkişafına dəstək verilir, təhsildən geri qalanlar üçün əlavə fənn məşğələləri təşkil edilir.
Xaçmaz rayonunda effektiv sosial xidmətin həyata keçirilməsi üçün işçi heyəti davamlı təlimlərə cəlb olunur. Bu günə kimi inklüziv təhsil sahəsində mövcud vəziyyət analiz edilib, fərdi təhsil almayan, fiziki məhdudiyyəti çətin olan 1 uşağa evdə təhsilin verilməsi təşkil olunub. Valideyn, müəllim, şagirdlər üçün “Əlilliyin dərki” və “İnklüziv təhsil” mövzularında maarifləndirici tədbirlər həyata keçirilib. Layihə çərçivəsində 2017-ci il ərzində rayonda sağlamlıq imkanları məhdud azı 50 uşağa reabilitasiya xidmətlərinin göstərilməsi, 150-dək valideynin icma əsaslı reabilitasiya mərkəzlərinin yaradılması haqqında məlumatlandırılması nəzərdə tutulub.