REGİONLAR
Xaçmazda yağ radiatorunun partlaması nəticəsində iki nəfər xəsarət alıb VİDEO
Xaçmaz, 26 may, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda yağ radiatorunun (qızdırıcı) partlaması nəticəsində iki nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, hadisə rayonun Yergüc kəndində Elxan Orucova məxsus evin həyətindəki yarımtikilidə baş verib. Qonşuluqda yaşayan 1975-ci il təvəllüdlü Orucova Gülnarə Şahlar qızı və 1957-ci il təvəllüdlü Abdullayeva Şamama Məhəmməd qızı çörək bişirmək üçün istifadə olunan soba hazırlayarkən yaxınlıqdakı yağ radiatoru partlayıb. Hadisə nəticəsində hər iki qadın yanıq xəsarətləri alıb.
Yaralılar dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Hər iki qadına üz və bədənin müxtəlif nahiyələrinin termiki alov yanıqları diaqnozu qoyulub. İlkin tibbi yardımdan sonra yaralılar Bakı şəhərindəki tibb müəssisəsinə göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.