REGİONLAR
Xaçmazda yaşayan bu ailə üçün dəniz mövsümü yeni başlayıb VİDEO
Xaçmaz, 7 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Üçgün kəndində yaşayan İsgəndərovlar ailəsi üçün dəniz mövsümü yeni başlayıb.
AZƏRTAC xəbər verir ki, soyuq havada dənizdə çimmək İsgəndərovlar ailəsinin hobbisidir. Başqaları sahildə palto ilə üşüsə belə, bu ailənin 3 azyaşlı üzvü dənizə baş vurmaqdan çəkinmir.
55 yaşlı Süleyman İsgəndərov övladlarını körpəlikdən soyuq suda çimməyə vərdiş etdirib. O, bunun uşaqlarda immunitetin gücləndirilməsi üçün əvəzsiz vasitə olduğunu söyləyir. Elə bu səbəbdəndir ki, İsgəndərovlar ailəsinin balaca üzvləri xəstələnmirlər.
Ailənin böyük oğlu İsgəndərin 11 yaşı var. Güləş və kikboksla məşğul olan azyaşlı çıxış etdiyi yarışlarda dəfələrlə birinci yeri qazanıb. İsgəndər qış aylarında məşqlərini dəniz kənarında etməyə çalışır. Onun qardaşı Qədir və bacısı Dəniz də ondan geri qalmırlar.
Süleyman İsgəndərov soyuq havada dənizdə çimməyi hər kəsə tövsiyə etmir. Bunun üçün mütəmadi məşq və soyuq suya vərdiş etmək lazımdır. Əks halda bu, xəstəliklə nəticələnə bilər.