REGİONLAR


Xaçmazda yeni mənzil almış 75 şəxsə dövlət reyestrindən çıxarış təqdim olunub

Xaçmaz, 16 dekabr, Elxan Yusifli, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın sənədləşdirilməsini kifayət qədər asanlaşdıran “Kütləvi çıxarış” kampaniyası artıq bölgələrdə yerləşən yeni inşa edilmiş çoxmənzilli binaları da əhatə etməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, dekabrın 16-da Xaçmaz şəhərində yeni tikilmiş yaşayış binasında mənzil almış 75 şəxsə dövlət reyestrindən çıxarışlar binanın həyətində təqdim olunub. Mənzil sahibləri heç yerə getmədən, gündəlik fəaliyyətdən ayrılmadan və əlavə vaxt itirmədən ilkin mülkiyyət sənədləri əsasında hazır çıxarışları əldə ediblər.

Xidmətlərin yerində çatdırılması üçün əlavə ödəniş tələb olunmur, yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. Rüsumlar bank vasitəsilə və ya elektron qaydada ödənilir. Yalnız istismara qəbul aktı olan binalardakı mənzil sahiblərinə belə çıxarışlar verilir. Bu tədbirlər vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq, şəffaflıq və rahatlığın artırılması məqsədi daşıyır.

Xaçmazda keçirilən kampaniya zamanı vətəndaşlara hüquqi məsləhət xidmətləri də göstərilib. Komitənin hüquqşünasları vətəndaşların qeydiyyat prosesi və sənədlərlə bağlı suallarını cavablandırıblar.

İndiyədək bu kampaniyadan paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Abşeron, Gəncə və Mingəçevir şəhərlərində çoxsaylı mənzil sahibləri faydalanıb. İlkin dövrlərdə yalnız həyət evlərini və torpaq sahələrini əhatə edən kampaniya növbəti mərhələdə çoxmənzilli yaşayış binalarına da şamil olunmağa başlayıb.

Yeni inşa edilmiş binalarda tətbiq edilən “Kütləvi çıxarış” kampaniyası mənzil bazarına da öz müsbət təsirini göstərir. Çünki dövlət qeydiyyatına alınan mənzil hüquqi cəhətdən etibarlıdır. Komitənin belə tədbirləri sayəsində bölgələrdə mülkiyyət hüquqları qeydiyyata alınan mənzillərin sayı artmaqdadır. Bu tendensiya, eyni zamanda, fərdi həyət evləri və torpaq sahələri ilə bağlı da müşahidə olunur.

Son illərdə atılmış digər mühüm addım “bir pəncərə” sisteminin tətbiqidir. Əvvəllər daşınmaz əmlakın qeydiyyatı üçün dörd prosedurdan keçən, müxtəlif qurumlara üz tutan vətəndaşlar hazırda bu əməliyyatı bir dəfəyə və eyni məkanda apara bilirlər. Yəni vətəndaş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə gəlib əmlakını orada qeydiyyata aldırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.