REGİONLAR
Xaçmazdakı butulkalı ev qeyri-adi məkanda dincəlmək istəyən turistlərin diqqətini çəkir VİDEO
Xaçmaz, 15 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qış mövsümündə qeyri-adi məkanda dincəlmək istəyən turistlər Nabrandakı butulkalı evdə qalmağa üstünlük verirlər.
AZƏRTAC xəbər verir ki, Xaçmaz rayonunun Nabran kənd sakini Baləhməd Xanbabayev tikdiyi butulkalı evdə turistlərin dincəlməsi üçün lazımi şərait yaradıb. Ev üç otaq, mətbəx və sanitar qovşaqdan ibarətdir. Otaqlar odun sobası ilə qızdırılır.
75 yaşlı Baləhməd Xanbabayev butulkalı evin inşasına 4 il vaxt sərf edib. Evin layihəsi özünə məxsusdur. Dediyinə görə, tikinti materialı kimi istifadə etdiyi butulkaları yığmaq asan başa gəlməyib. Bu işdə ona azyaşlı uşaqlar və dostları kömək edib.
B.Xanbabayev butulkalı evi yay mövsümündən daha ucuz qiymətə təklif edir. Evdə bir gün qalmaq üçün 20-30 manat ödəmək kifayətdir.
Görənlərin diqqətini çəkən evin tikintisində 60 min butulkadan istifadə olunub. Həyətdəki bütün yardımçı tikililər də butulkalardan inşa edilib.
Qeyri-adi evin sahibi AZƏRTAC-a müsahibəsində bildirib ki, həmişə tullantılar arasında boş butulkaları görəndə, onlardan haradasa istifadə etmək barədə düşünüb. Sonradan butulkalı ev tikmək qərarına gəlib. Eşidənlər buna inanmasa da, B.Xanbabayev istəyinə çatıb.
İndi onun evi Azərbaycanla yanaşı, xarici ölkələrdə də tanınır. Belə ki, Nabrandakı butulkalı ev barədə bir sıra əcnəbi telekanallar və internet portalları xəbərlər hazırlayıblar.