REGİONLAR
Xaçmazdan Bakıya satış məqsədi ilə gətirilən ətlərin yararsız olduğu müəyyənləşib
Bakı, 17 fevral, AZƏRTAC
Xaçmaz rayonundan Bakıya satış məqsədi ilə gətirilən, sümükdən ayrılmış ətlərin müayinəsi yekunlaşıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən nümunələrin hər birində bakterioloji çirklənmə aşkarlanıb. Biokimyəvi müayinələrin nəticəsinə əsasən nümunələrin hamısının aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş at əti olması müəyyənləşdirilib. Həmçinin müayinə zamanı bütün nümunələrin keyfiyyətsiz, qida üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.
Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq, insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş at ətləri haqqında qanunvericiliyə uyğun tədbir görüləcək.
Qeyd edək ki, fevralın 14-də qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun Xaçmaz rayonu üzrə 3-cü tağımının əməkdaşları tərəfindən Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində Xaçmaz şəhəri, İ.Qayıbov küçəsi, ev 43-də yaşayan İsmayılov İsmayıl İsmayıl oğluna məxsus “Mercedens-Benz 190” markalı 10-ZO-837 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirilib. Baxış zamanı avtomobilin arxa oturacağında və yük yerində Xaçmaz rayonu Armudpadar kənd sakini Məmmədov Aydın Əhməd oğluna məxsus qida məhsulları üçün istifadəsi nəzərdə tutulmayan deşilmiş, cırılmış vəziyyətdə qara polietilen torbalarda, antisanitar şəraitdə qablaşdırılmış, ümumi çəkisi 170 kq olan sümükdən ayrılmış ət və 2 heyvan ürəyi aşkar edilib.