REGİONLAR
Xaçmazın 10-a yaxın kəndinin qazlaşdırılması ilin sonuna kimi yekunlaşacaq
Xaçmaz, 5 avqust, Elxan Yusifli, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Xaçmaz rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işlər sürətlə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, rayonun böyük yaşayış məntəqələrindən olan Alekseyevka kəndinin qazlaşdırılması yaxın günlərdə yekunlaşacaq. 500-ə yaxın təsərrüfatın olduğu kəndin qazlaşdırılmasına iyul ayının əvvəlindən start verilib. Kənddə, ümumilikdə, 2 min 800 metr polietilen və təxminən 30 min metr müxtəlif diametrli dəmir borulardan istifadə olunmaqla daşıyıcı, eləcə də məhəllədaxili qaz xətləri çəkiləcək. Bununla yanaşı, kənddəki bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılacaq. Alekseyevka kəndinin sakinləri sentyabr ayından etibarən “mavi yanacaq”dan istifadə edə biləcəklər.
Alekseyevka kəndi ilə yanaşı, bu ilin sonuna kimi Xaçmaz rayonunun daha 7 yaşayış məntəqəsi də təbii qazla təmin ediləcək. Hazırda Alıc, Çılğır, Hacılar, Gəncəli, Qaraçı, Qədimalı Qışlaq, Hacıqurbanoba kəndlərinin də qazlaşdırılması həyata keçirilir.