REGİONLAR
Xaçmazın Hacıqurbanoba və Gəncəli kəndlərində ilk dəfə “mavi yanacaq” şölələnib VİDEO
Xaçmaz, 26 avqust, Elxan Yusifli, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Xaçmaz rayonunun Hacıqurbanoba və Gəncəli kəndlərinin qazlaşdırılması işi yekunlaşıb və ümumilikdə 227 abonentə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, avqustun 26-da həmin kəndlərə ilk dəfə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
Tədbirlərdə çıxış edənlər yaşayış məntəqələrinin qazlaşdırılması münasibətilə kənd sakinlərini təbrik ediblər. Bildirilib ki, 142 abonenti olan Hacıqurbanoba kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında daşıyıcı xətt, kəndin daxilində isə orta təzyiqli qaz xətləri çəkilib, bütün mənzillərdə qaz sayğacları quraşdırılıb. Yaşayış məntəqəsinin qazlaşdırılması üçün ümumilikdə 1070 metr polietilen və 8 min 856 metr müxtəlif diametrli dəmir borulardan istifadə olunub.
Gəncəli kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 5 min 165 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 7 min 272 metr olan polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Kənddəki 85 abonent üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Mərasimlərdə çıxış edən kənd ağsaqqalları və ziyalılar əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra rəmzi məşəl alovlandırılıb və kəndlərə təbii qaz verilib.