REGİONLAR
Xaçmazın Muxtadır qəsəbəsində 1000 hektara yaxın sahədə iri taxılçılıq təsərrüfatları yaradılacaq VİDEO
Xaçmaz, 29 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda Yalama aqroparkında görülən işlərin ikinci mərhələsi çərçivəsində 60 hektar ərazidə intensiv bağçılıq və rayonun Muxtadır qəsəbəsində 957 hektar sahədə iri taxılçılıq təsərrüfatları yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 29-da Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və komitənin üzvlərinin iştirakı ilə Yalama aqroparkında keçirilən təqdimatda məlumat verilib.
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə reallaşan səfər zamanı aqroparkın ofisində təqdimat keçirilib, burada görülən işlər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, ümumi ərazisi 523 hektar olan Yalama aqroparkında birinci mərhələ üzrə işlər başa çatdırılıb. Bu mərhələdə 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Yem zavodunun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə taxıl anbarı və məhsulun keyfiyyətli saxlanması üçün qurutma avadanlığı quraşdırılıb. Aqroparkda istehsal və emal müəssisələrinin yaradılmasında ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə olunub. Artıq təsərrüfata “Aqrolizinq” ASC vasitəsilə “Simmental” cinsindən olan 1100 baş cins heyvan gətirilib. Təsərrüfatda yüksəkkeyfiyyətli süd istehsal olunur. Aqroparkda aqroservis mərkəzi də yaradılıb. Bunun üçün “Aqrolizinq” ASC vasitəsilə İtaliya şirkətlərinin və Gəncə Avtomobil Zavodunun istehsalı olan 15 adda 24 ədəd müasir texnika və aqreqat (traktor, yem paylayan, qoşqu, kotan və s.) alınıb. Layihənin birinci mərhələsinin investisiya dəyəri 20 milyon manatdır.
İkinci mərhələdə isə Yalama aqroparkında müasir texnologiyanın tətbiqi ilə gündəlik emal gücü 100 ton olan süd emalı zavodu tikiləcək. Zavodda istehsal olunacaq kərə yağı, quru süd və pendir daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac ediləcək.
Təqdimatda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatının inkişafı və sənayeləşmə siyasətinə uyğun olaraq, regionlarda innovativ və müasir texnologiyalara əsaslanan yeni sənaye müəssisələri, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə aqroparklar yaradılır, rəqabətqabiliyyətli və ixracyönümlü sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı artır. Qeyri-neft sənayesinin davamlı inkişafında, sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, aqrar sektorun inkişafında, iqtisadiyyatda aqrar sahənin və sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və zonaları, aqroparklar mühüm əhəmiyyət kəsb edir. Aqroparkların yaradılması aqrar sahədə sahibkarlığın inkişafını daha geniş təşviq edərək sosial-iqtisadi inkişafın sürətləndirilməsində, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının və məşğulluğun artırılmasında xüsusi önəm daşıyır.