REGİONLAR
Xaçmazın Qədimalıqışlaq kəndi ilk dəfə qazlaşdırılıb
Xaçmaz, 17 avqust, Elxan Yusifli, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Xaçmaz rayonunun Qədimalıqışlaq kəndinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, avqustun 17-də kəndə ilk dəfə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə kənd sakinlərini təbrik ediblər. Bildirilib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi, Xaçmazın yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. 110 abonenti olan Qədimalıqışlaq kəndinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 7 min 678 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Kənddəki hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Cari ildə Qədimalıqışlaqla yanaşı, Xaçmazın daha 23 kəndi “mavi yanacaq”la təmin edilib.
Kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib.