REGİONLAR
Xaçmazla Dərbənd şəhərləri arasında gənclər və idman sahəsində əməkdaşlığa dair niyyət protokolu imzalanıb
Xaçmaz, 7 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayon Gənclər və İdman İdarəsi ilə Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd şəhər administrasiyasının Mədəniyyət, İdman, Gənclər Siyasəti və Turizm İdarəsi arasında qarşılıqlı əməkdaşlıq haqqında razılıq əldə olunub.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Xaçmaz rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Ağahüseyn Əzizov sentyabrın 5-də Dərbənd şəhərində olub.
Görüş zamanı qonşu respublikaların idman uğurlarından danışılıb. Daha sonra tərəflər arasında gələcək əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
Dərbənd şəhər administrasiyasının Mədəniyyət, İdman, Gənclər Siyasəti və Turizm İdarəsinə “Bakı-2015” ilk Avropa Oyunlarının futbol topları təqdim olunub. Dərbəndlilər də öz növbəsində, xaçmazlı həmkarlarına suvenir və Dərbənd şəhərinin təsviri olan hədiyyə təqdim ediblər.