REGİONLAR
Xaçmazlı arıçı: Məhsuldarlığın aşağı olması qiymətlərə təsir göstərməyib VİDEO
Xaçmaz, 1 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Şimal bölgəsinin arıçılıq təsərrüfatlarında iyul ayının ortalarından başlanan bal süzümü mövsümü davam edir. Arıçılar məhsuldarlığın ötən ilə nisbətən aşağı olduğunu bildirirlər.
Xaçmaz rayonundan olan arıçı Həsən Rəşidov AZƏRTAC-a müsahibəsində məhsuldarlığın aşağı olmasını qeyri-sabit hava şəraiti ilə əlaqələndirib. Xüsusilə dağlıq ərazilərə yay aylarında yağıntının çox düşməsi arıçıların işinə yaramayıb. Orta hesabla bir arı ailəsindən 20 kiloqram bal götürən təsərrüfatçı bu il məhsuldarlığın 10 kiloqrama qədər aşağı düşdüyünü bildirib. Amma məhsuldarlığın aşağı olması qiymətlərə təsir göstərməyib. Xaçmazlı arıçılar balın bir kiloqramını alıcılara əvvəlki qiymətə 25 manata təklif edirlər.
Qırx ilə yaxındır arıçılıqla məşğul olan Həsən Rəşidovun təsərrüfatında hazırda 250-dən çox arı ailəsi var. Sovet dövründə Qusar rayonunda arıçılıq təsərrüfatında çalışan arıçı indi fərdi sahibkarlıqla məşğuldur.
Arıçı daha çox məhsul əldə etmək üçün 5 ay ərzində təsərrüfatındakı arı ailələrini akasiya ağacları ilə bol olan Yalama meşələrində və Qubanın dağlıq kəndlərində bəsləyib. Bir arı ailəsinin saxlanılması üçün orta hesabla 35-40 manat vəsait xərclənir. Bura arı ailələrinin müxtəlif yerlərə köçürülməsi xərcləri ilə yanaşı, onların xəstəliklərdən qorunması üçün sərf olunan vəsait də daxildir. Arıçılar hazırda bal süzümü ilə bərabər, qışa hazırlıq prosesini, yaşlı arıların və arı sürfələrinin parazitar xəstəliyi sayılan varraotoza qarşı mübarizə tədbirlərini də həyata keçirirlər.
Həsən Rəşidovun təsərrüfatında əsasən Türkiyənin Artvin bölgəsindən gətirilən “Boz Qafqaz” cinsinə aid arı ailələri saxlanılır. Bununla yanaşı, sahibkar Almaniyadan gətirilən daha məhsuldar arı ailələrini də bəsləyir.