REGİONLAR
Xaçmazlı döyüşçülər “Fədai” və “Vətən naminə” medalları ilə təltif olunublar
Xaçmaz, 27 aprel, Elxan Yusifli, AZƏRTAC
Ötən ilin aprel döyüşləri Azərbaycan xalqının Dağlıq Qarabağın işğalı ilə heç vaxt barışmayacağını, tarixi torpaqlarımızın tezliklə düşməndən azad ediləcəyini dünyaya göstərdi. Bu döyüşlər xalqımızın birliyinin, mübarizliyinin sübutudur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər aprelin 27-si Xaçmazda Qarabağ müharibəsi əlilləri, veteranlar, şəhid ailələri və bir il əvvəl baş verən şanlı aprel döyüşlərinin iştirakçıları ilə keçirilən görüşdə səsləndirilib.
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan tədbirdə 12 nəfər Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi “Fədai” və “Vətən naminə” medalları ilə təltif olunub. Medallar Qarabağ müharibəsi veteranlarına, aprel döyüşlərinin iştirakçılarına, şəhid hərbçilərimizin ailə üzvlərinə təqdim edilib.
Muzeyin direktoru Pakizə Mehdiyeva, Qarabağ müharibəsi veteranı Şöhrət Dadaşzadə, aprel döyüşlərinin iştirakçısı Nail Qasımov, şəhid atası Azadxan Mirzəyev çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, Vətənimizin keşiyində duran oğullarımızın mərdliyindən söz açıblar. Bildirilib ki, aprel döyüşlərində işğaldan azad edilmiş ərazilərdə indi Azərbaycan bayrağı dalğalanır. Düşməndən azad edilmiş torpaqlarımızda quruculuq işlərinə başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması prosesinə start verilib. Bu, böyük qələbənin uğurlu başlanğıcıdır.
Tədbir məktəblilərin və yerli incəsənət ustalarının ifalarında vətənpərvərlik mahnıları ilə davam edib.
Sonda Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş “Çin olan yuxu” film nümayiş etdirilib.