REGİONLAR
Xaçmazlı fermerlər maliyyə mənbələrinə çıxış və sığortanın təşkili haqqında təlimatlandırılıblar VİDEO
Xaçmaz, 24 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 24-də Xaçmazda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Fermer təsərrüfatlarında maliyyə mənbələrinə çıxış və sığortanın təşkili” mövzusunda fermerlər üçün təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, ASK-nın nümayəndələri və 50-dən çox fermerin iştirak etdiyi təlimdə maliyyə savadlılığı, biznes planın təşkili, kənd təsərrüfatında sığortalanmanın faydalılığı və digər mövzularda geniş məlumat verilib.
ASK-nın Xaçmaz rayonu üzrə nümayəndəsi Famil Baxışov və Konfederasiyanın baş hüquqşünası Xəqan Hümmətzadə Azərbaycan Sahibkarlar Konfederasiyası və həyata keçirilən layihələr haqqında ətraflı bəhs ediblər. Bildirilib ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası davamlı olaraq öz məqsədləri istiqamətində bir sıra layihələr həyata keçirir. Belə layihələrdən biri də “Aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə maliyyə, sığorta, İKT və kooperativlər mövzusunda təlimlərin keçirilməsi” layihəsidir. Bu layihə çərçivəsində ilk tədbir Ağcabədi rayonunda təşkil edilib. Qeyd olunub ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilir və cari il ərzində bu istiqamətdə bir neçə tədbirin keçirilməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarları maliyyə, sığorta, İKT, qida təhlükəsizliyində keyfiyyət standartları və kooperativlər və s. sahələrdə təlimlərə cəlb etməklə, onların arasında maarifləndirmə işlərini gücləndirməkdir. Layihədə 4 əsas komponent üzrə ayrı-ayrılıqda mövcud vəziyyət araşdırılıb və sahələr üzrə müvafiq məqsəd və vəzifələr müəyyən edilib.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının idarə heyətinin sədri, ekspert Süleyman Kələşov fermerlərin mövcud maliyyə mənbələri və onlara çıxışın prosedur məsələləri barədə məlumatlandırılması, fermerlərin maliyyə savadlılığının artırılması, biznes planın hazırlanması, onun icrası, pul vəsaitlərindən düzgün istifadənin təşkili barədə maarifləndirilməsi, bu sahədə uğurlu təcrübənin təşviqi, sahibkarların mövzu ilə əlaqədar fikirlərinin, təklif və tövsiyələrinin öyrənilməsi ilə bağlı çıxış edib.
Tədbirdə müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.