REGİONLAR
Xaçmazlı gənclər narkomaniyaya qarşı mübarizə tədbirləri haqqında maarifləndirilib
Xaçmaz, 30 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 30-da Xaçmazda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar gənclərlə maarifləndirici görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Xaçmaz rayon Komissiyası üzvlərinin və ekspertlərin iştirakı ilə keçirilən tədbirdə respublikamızda narkomaniyaya qarşı mübarizə tədbirlərindən danışılıb, narkotik vasitələrin insana və onun yaşadığı cəmiyyətə vurduğu ziyan haqqında ətraflı məlumat verilib.
Çıxış edənlər bildiriblər ki, narkomaniya dünyanı ağuşuna alan ən böyük bəlalardan sayılır. Hər il 100 minlərlə insan narkotik vasitələr ucbatından həyatını itirir. İnsanlar arasında bu zərərli vərdişin yayılmasının qarşısını almaq məqsədi ilə BMT tərəfindən 26 iyun tarixi Narkotiklərlə Mübarizə Günü kimi qeyd olunur.
Mütəxəssislər diqqətə çatdırıb ki, bir narkoman il ərzində təxminən 7-10 nəfəri bu pis vərdişə öyrəşdirə bilər. Belə halların baş verməməsi üçün məktəblərdə, KİV-də mütəmadi təbliğatın aparılması vacibdir.
Ekspertlər görüşdə iştirak edən gənclərin suallarını cavablandırıblar.